Bank Of Baku

Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO

Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
# 11 sentyabr 2026 17:54 (UTC +04:00)

Dünyanın müxtəlif ölkələrində yaşayan yəhudilər təqvim üzrə 5787-ci yeni ilin — Roş ha-Şana bayramının gəlişini qeyd edirlər.

APA-nın şimal bürosunun xəbərinə görə, Roş ha-Şana yəhudilər üçün yeni ilin qarşılanması ilə yanaşı, mənəvi hesabat, keçmişə nəzər salmaq və xeyirxahlıq etmək dövrü hesab olunur.

Qırmızı qəsəbə Dağ Yəhudiləri Dini İcmasının sədri Pisax İsakov bildirib ki, Tişri ayının 1-də başlayan mənəvi yenilənmə dövrü 10 gün davam edir:

“Hər bir insan keçən ilin günlərini yada salır, bilərəkdən və ya bilməyərəkdən etdiyi səhvləri düşünür, Allaha dua edərək günahlarının bağışlanmasını diləyir. Küsülülər barışır, bir-birinə xeyirxahlıq arzulayırlar. Bu dövr Yom Kippur bayramı ilə yekunlaşır”.

İcma sədri Azərbaycanda dini icmalar üçün yaradılan şəraitə görə dövlət rəhbərliyinə minnətdarlığını bildirib.

“Biz xoşbəxtik ki, Azərbaycanda yəhudilər öz adət-ənənələrini açıq və sərbəst şəkildə qeyd edə bilirlər. Prezident İlham Əliyev hər il bayramımız münasibətilə bizi təbrik edir, yəhudilərin ölkəmizin inkişafındakı rolunu yüksək qiymətləndirir. Buna görə bütün dağ yəhudiləri adından ölkə başçısına təşəkkürümü bildirirəm”, - Pisax İsakov qeyd edib.

Qırmızı qəsəbə Ağsaqqallar Şurasının sədri Yavuşva Simanduyev isə Azərbaycanda tarixən mövcud olan tolerantlıq mühitindən danışıb.

Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrində yəhudilər tarixən təqiblərə məruz qalsalar da, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri qarşılıqlı hörmət və mehribanlıq şəraitində yaşayıblar: “Hətta sovet dövründə kilsə və məscidlərin bağlandığı vaxtlarda Qubadakı sinaqoqların qapısı bağlanmayıb. Biz azərbaycanlılarla bir masa arxasında əyləşib, qardaşcasına yaşamışıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR