İyulun 2-də Azərbaycan Polisi yaranmasının 105-ci ildönümünü qeyd edir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. Ötən dövr ərzində Azərbaycan polisi çox şərəfli bir yol keçib. İstər Azərbaycan Xalq Cümhuriyyəti, istər sovet illərində, istərsə də müstəqilliyimiz dövründə polisimiz hər zaman dövlətin və vətəndaşların keşiyində dayanıb, onların təhlükəsizliyini təmin edib.
Bunu APA-ya açıqlamasında politoloq Ramiz Alıyev bildirib.
Onun sözlərinə görə, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Azərbaycan polisinin tarixinə ən mühüm mərhələ kimi həkk olub: “Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı önəmli qərarlar qəbul edib. Şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri oldu. Bu döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görülüb”.
Ramiz Alıyev qeyd etdi ki, ölkəmizdə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2640 polis xəsarət alıb. 2003-cü ilin oktyabrında İlham Əliyev Azərbaycan Prezidenti seçiləndən sonra Daxili İşlər Nazirliyinin strukturunun və normativ-hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsi istiqamətində ciddi islahatlar aparıldı: “Bu gün polisin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, maddi-texniki təminatın yaxşılaşdırılması, o cümlədən ən müasir texnologiyalarla təmin edilməsi üçün müvafiq addımlar atılır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində polis vətəndaşlarımızın hüquq və mənafelərini etibarlı şəkildə müdafiə edir, cinayətkarlığa qarşı uğurlu mübarizə aparılır. İki il öncə dünyada geniş yayılmış koronavirus pandemiyası ilə mübarizə dönəmində də Azərbaycan polisi üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirdi. Elan edilmiş karantin müddətində Azərbaycan polisi xidməti vəzifələrini ən yüksək səviyyədə icra etdi”.
Politoloq onu da qeyd edib ki, 44 günlük Vətən müharibəsində daxili işlər orqanlarının əməkdaşları qəhrəmanlıq nümayiş etdirib: “Daxili Qoşunların xüsusi təyinatlıları düşmənin yüzlərlə canlı qüvvəsini və döyüş texnikasını məhv ediblər. Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Müharibədən sonra da Azərbaycan polisi işğaldan azad edilmiş ərazilərdə öz xidməti vəzifələrini yüksək səviyyədə yerinə yetirirlər”.
Ramiz Alıyevə görə, bu gün Azərbaycan polisi vətəndaşların güvənc yeri, cinayətkar ünsürlərin isə qorxduğu, çəkindiyi bir peşə sahibidir: “Polisin bu cür obrazının formalaşması, sözsüz ki, onun vətəndaşların hüquq və azadlıqlarını yüksək səviyyədə müdafiə etməsindən, cinayətkarlığa qarşı mübarizədə barışmaz olmasından irəli gəlir”.