Heydər Əliyev Fondunun təhsil istiqamətindəki layihələrindən biri də Salyan rayonunun Şorsulu kəndini əhatə edib.
APA-nın yerli bürosunun xəbərinə görə, burada 1926-cı ildə inşa olunmuş N.İbrahimov adına tam orta məktəb istifadəyə yararsız vəziyyətə düşdüyündən yeni təhsil ocağının inşasına ehtiyac yaranıb. Yeni məktəbin tikintisini üzərinə götürən Heydər Əliyev Fondunun gördüyü işlər nəticəsində 2023-2024-cü tədris ili üçün 300 şagird yerlik yeni məktəb istifadəyə verilib.
İki mərtəbəli məktəb üç korpusdan ibarətdir. Təhsil müəssisəsində 13 sinif otağı, fizika, kimya, biologiya labaratoriyaları, informatika, hərbi təlim, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt, idman zalları və açıq idman meydançası var.
Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və labaratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib. Məktəbin ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb.
Tədbirdə Heydər Əliyev Fondunun nümayəndəsi, Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, regional təhsil şöbəsinin əməkdaşları və valideynlər çıxış ediblər.