Seksual qısnamanın ağır cinayətlərə aid edilməsi təklif olunur.
APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə Məlumatında əksini tapıb.
Hesabatda bildirilib ki, Cinayət Məcəlləsinin 151-ci maddəsinə (Seksual xarakterli hərəkətlərə məcburetmə)“seksual qısnama” sözləri əlavə edib, 151-ci maddəni daha da konkretləşdirərək seksual qısnamanın dərəcələrində müəyyən etməklə əməli böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə aid etmək olar. Seksual qısnamanın xüsusi hallarında, o cümlədən qısnamanın fiziki və psixoloji zorakılıqla müşayiət olunduğu və ya seksual qısnama zəminində şəxsə qarşı seksual xarakterli hərəkətlərin edilməsi halları üçün Cinayət Məcəlləsində ayrı maddə nəzərdə tutula bilər.