Dövlət büdcəsindən ayrılan vəsaitlərin təxminən 45 faizi sosial istiqamətə yönəldilməsi çox vacib məsələdir. Bu, bir daha dövlət büdcəsinin sosial yönümlü olduğunu təsdiq edir.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov parlamentin ictimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, səhiyyə sahəsində dövlət proqramlarının icrası üçün nəzərdə tutulmuş vəsaitin artırılması müsbət haldır: “Xüsusilə qanın bədxassəli xəstəlikləri ilə mübarizə tədbirləri üçün 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 80,6 faiz, qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair tədbirlər üçün xərclərin 2,9 dəfə artırılması çox ciddi və mühüm addımdır”.
Soltan Məmmədov qeyd edib ki, büdcə layihəsinə dair Hesablama Palatasının da rəyində qeyd olunduğu kimi səhiyyə ilə bağlı proqramlarda ehtiyacların dəqiq əsaslandırılması çox vacibdir: “Ötən il də büdcə müzakirələrində qeyd etdiyimiz kimi, bəzi dövlət proqramlarında, məsələn uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması tədbirlərinin icrasında icra faizinin aşağı olması bu proqramların nəticə yönümlü olmasının vacib olduğunu göstərir. Eyni zamanda, qeyd etməliyəm ki, bəzi dövlət proqramlarına ayrılan vəsaitin artımı mövcud ehtiyacları tam şəkildə qarşılamır. Ona görə də bir sıra xəstəliklər icbari tibbi sığortanın xidmətlər zərfinə daxil edilməlidir”.
Deputat qeyd edib ki, bəzi nadir xəstəliklərlə mübarizə üçün dövlət proqramlarının qəbul edilməsinə ehtiyac var.