Hazırda valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sosial xidmət müəssisələrində əlilliyi olan 29 uşaq övladlığa verilə bilən uşaqlar kimi müəyyən olunub.
Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.
Onlar barədə məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminə daxil edilib.
Həmin uşaqları övladlığa götürəcək şəxslər aylıq sosial ödənişlərlə təmin olunacaq.
Belə ki, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sosial xidmət müəssisələrindən övladlığa götürülən əlilliyi olan uşağa görə onu övladlığa götürən şəxs üçün aylıq 600 manat müavinət nəzərdə tutulub.
Bu müavinətlə yanaşı, uşağın orqanizmin funksiyalarının pozulması:
81-100 faiz olduqda - 270 manat müavinət, 200 manat (gözdən əlilliyə görə olduqda 300 manat) təqaüd və həmin uşağa qulluğa görə 100 manat təqaüd,
61-80 faiz olduqda 220 manat müavinət və uşağa qulluğa görə 100 manat təqaüd,
31-60 faiz olduqda 150 manat müavinət və uşağa qulluğa görə 100 manat təqaüd nəzərdə tutulub.
Beləliklə, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sosial xidmət müəssisələrindəki əlilliyi olan uşağın övladlığa götürülməsinə görə aylıq sosial ödənişin ümumi məbləği uşağın əlillik göstəricisi 81-100 faiz olduqda 1170 manat (gözdən əlilliyə görə olduqda 1270 manat), 61-80 faiz olduqda 920 manat, 31-60 faiz olduqda 850 manat təşkil edir.