Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək düşərgələrdə yerləşdirilən və reabilitasiya tədbirlərinə cəlb edilən ukraynalı uşaqların ekskursiyası təşkil edilib.
APA-nın Şirvan bürosu xəbər verir ki, Bakıda düşərgəyə yerləşdirilərək, müxtəlif reabilitasiya proqramlarına cəlb edilən uşaqların ölkəmizin müxtəlif bölgələrində gəzintisi təşkil edilib. İsmayıllı rayonunun Basqal qəsəbəsində olan uşaqlar, ardınca Qəbələ rayonuna səfər ediblər. Ötən gündən başlayan Qəbələ səfəri bu gün Laza kəndi ilə tanışlıqla davam edib. Təbiətlə tanışlıqdan sonra onlar milli mətbəx nümunələrindən olan lavaşın hazırlanması prosesində də iştirak ediblər.
Uşaqlara eləcə də peşəkar psixoloq tərəfindən fərdi və qrup terapiyaları həyata keçirilir, liderlik təlimi verilir.
Ukraynalı uşaqların Şəki və Şamaxıya da ekskursiyasının təşkili nəzərdə tutulur. 14 günlük sosial reabilitasiya proqramı uşaqların emosional vəziyyətlərinin stabilləşməsi, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək məqsədilə təşkil edilib.
İlham Əhmədov