Bakı. Ramiz Mikayıloğlu – APA. Gələn həftə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narklotiklər haqqında həqiqəti bilin” adlı yaddaş kitabçası işıq üzü görəcək.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Məzahir Əliyev APA-ya açıqlamasında deyib ki, Dövlət Komissiyasının sədri ilə razılaşdırılaraq hazırlanmış yaddaş kitabçası yeniyetmələr, gənclər və valideynlər üçün nəzərdə tutulub, ilkin mərhələdə 2 min tirajla çap olunacaq.
Respublikanın bütün rayonların, orta ixtisas məktəblərində yayılacaq bröşur hər kəsin başa düşəcəyi bir dildə yazılıb. Yaddaş kitabçasında qanunsuz dövriyyədə olan və qeyri-tibbi yolla qəbul edilən narkotik vasitələrin şəkli, təsviri, insan orqanizminə təsiri barədə məlumatlar yer alıb: “Əhalinin maarifləndirilməsi üçün nəzərdə tutulmuş bu yaddaş kitabçası Azərbaycanda bu yöndə hazırlanmış ilk nəşrdir. Bu broşür BMT-nin apardığı tədqiqatlara əsasən hazırlanıb. Məsələn, hamı heroin adlı narkotik vasitənin olduğunu bilir, amma heroin hansı rəngdədir, onu necə qəbul edirlər, qəbul edənin tükü, bədəninin rəngi, necə olur, göz bəbəyi necə daralır, o adamlar necə hərəkət edirlər, bütün bunlar barədə nəşrdə əhatəli məlumat yer alıb. Yaxud kimsə nəşə çəkirsə, o adamın davranışı necə olur? Tutaq ki, yersiz gülür, danışanda sözü sözə calaya bilmir, iştaha gəlir. Bütün bunları oxuyan ən savadsız valideyn belə nə zamansa övladının cibindən narkotik vasitə taparsa, yaxud davranışını müşahidə edərsə, övladının hansı durumda olduğunu anlayacaq və bu bəladan xilas olması üçün hansı addımları atmalı olduğunu biləcək”.
Məzahir Əliyev yaddaş kitabçasında narkomanların əhatəsinə düşən yeniyetmə və gənclərin təsirə düşməmələri üçün necə davranmaları barədə də tövsiyələrin yer aldığını söyləyib.