Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə APA-ya açıqlamasında bildirib ki, magistraturaya qəbul olmaq istəyən və “Bakalavrın elektron ərizə” formasını dolduran bakalavrlar bu gün saat 17:00-dək ərizələrini təsdiq etdirməlidirlər.
Bakalavrların ərizə qəbuluna fevralın 11-dən etibarən başlandığını deyən TQDK sözçüsü qeyd edib ki, bu gün saat 14:00-dək magistraturada təhsil almaq üçün 22 024 nəfər sənəd verib. Onun sözlərinə görə, sənəd verənlərdən 21 325 bakalavr artıq öz sənədini təsdiq etdirib ki, onların da 18 817 nəfəri Azərbaycan, 2508 nəfəri isə rus bölməsində təhsil almağı seçib. E.Nağızadə qeyd edib ki, magistraturaya ərizə qəbulu bu gün saat 17:00-da başa çatır və bu proses üçün ayrılmış vaxtın uzadılması nəzərdə tutulmayıb.
Qeyd edək ki, ali məktəblərin magistratura pilləsinə keçiriləcək qəbul imtahanının birinci mərhələsi martın 3-də keçiriləcək. Magistraturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların ümumi intellekt səviyyəsi, informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında onların ixtisas üzrə bilikləri yoxlanılır. Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Bu zaman bakalavrlara ümumi intellekt səviyyəsinin yoxlanılması üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı təqdim olunacaq. Birinci mərhələdəki nəticələri TQDK-nın minimal tələblərini ödəyən bakalavrlar proqram seçiminə buraxılırlar.