Bakı – APA. Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
AzMİU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, universitetin rektoru, millət vəkili Gülçöhrə Məmmədova çıxış edərək, Xocalı soyqırımını 20-ci əsrin ən böyük vəhşiliyi və hərbi cinayəti adlandırıb. Rektor bildirib ki, Xocalı genosidinin bütün dünyada tanıdılması üçün fəaliyyət dairəsinin genişləndirilməsi və sürətləndirilməsi vacibdir.
Daha sonra çıxış edən təlim-tərbiyə işləri üzrə prorektor Tofiq Qasımov və YAP 43-cü ərazi partiya təşkilatı Qadınlar Şurasının sədri Salatın Əhmədova dəhşətli soyqırımı faktlarını bir daha gənclərin diqqətinə çatdırıblar.
Bunun ardınca “Günay” Uşaq Teatrının iştirakı ilə səhnəcik nümayiş etdirilib.
Mərasimin sonunda universitetin Tələbə Həmkarlar İttifaqı komitəsinin təşkil etdiyi “Xocalı soyqırımı tələbələrimizin gözü ilə” mövzusunda rəsm sərgisi nümayiş olunub.