Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda insanların İİV virusuna yoluxmasının qarşısını almaq üçün testləşmənin əlçatanlığını təmin etmək məqsədilə şəbəkələr yaradılır.
APA-nın xəbərinə görə, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova Bakıda keçirilən “Dünya QİÇS həftəsi ərəfəsində yeniyetmələrin İİV testindən keçməsi istiqamətində təbliğat” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib. O bildirib ki, ölkə ərazisində yaradılacaq 50 könüllü müayinə məntəqələri həmin şəbəkəyə qoşulacaq.
E.Alməmmədovanın sözlərinə görə, hər bir şəxs yardım almaqla yanaşı, testdən keçib 20-30 dəqiqə ərzində öz cavabını alacaq: “Hazırda belə məntəqələrin 37-si artıq fəaliyyət göstərir. 6 mobil səyyar məntəqə fəaliyyət göstərir ki, onlardan 2-si Bakı şəhərində, 1-i Sumqayıtda, qalanları isə Şirvan, Lənkəran və Gəncə şəhərindədir. Bu məntəqələr həmin infeksiyanın yayılması göstəriciləri yüksək olan regionları əhatə edir. Səyyar məntəqələrinin fəaliyyəti İİV virusuna yoluxan insanları müayinəyə cəlb etmək məqsədi daşıyır”.