Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda dövlət qeydiyyatı ilə əlaqədar xarici ölkələrin qeyri-hökumət təşkilatları (QHT) ilə bağlanmış sazişin qüvvədə olmaq vaxtı uzadılmadıqda, həmin təşkilatların ölkədəki fəaliyyəti birdəfəlik ləğv olunacaq.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 16-cı maddəsinə edilən əlavədə əksini tapıb.
Maddəyə edilən əlavədə göstərilir ki, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin ləğv edilməsi zamanı hüquqi şəxslərin ləğvi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və bu Qanun ilə müəyyən edilmiş qaydalar tətbiq edilir: “Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə əlaqədar bağlanmış sazişin qüvvədə olma müddətinin uzadılmaması həmin filial və ya nümayəndəliyin ölkədə ləğv edilməsi üçün əsasdır”.
Sənəd Milli Məclis tərəfindən qəbul olunub.