Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin oktyabrın 1-nə olan məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 742,5 min nəfər olub, onlardan 4 504,4 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.
«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu il sentyabrın 1-nə muzdla işləyənlərin sayı 1 491,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 894,2 min nəfər, qeyri-dövlət bölməsində isə 597,7 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 37,5 min nəfər, qeyri-neft sektorunda isə 1 454,4 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1 449,6 min nəfər təşkil edib.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,1%-i məhsul istehsalı sahələrində, onlardan 7,0%-i tikintidə, 6,2%-i emal sənayesində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 2,5%-i mədənçıxarma sənayesində, 2,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1,4%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində məşğul olub.
Xidmət sahəsində çalışanların 22,8%-i təhsil, 18,8%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,9%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,7%-i peşə, elmi və texniki fəaliyyət, 1,8%-i informasiya və rabitə, 1,8%-i maliyyə və sığorta fəaliyyəti, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,8%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində cəmlənib.
Bu il oktyabrın 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,9 min nəfər olub, onların 41,4%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 259,5 manat olub.