Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Cəlilabadda vətəndaşları qəbul edib.
İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Masallı, Yardımlı, Biləsuvar və Cəlilabad rayonlarından olan vətəndaşlar iştirak edib. Ş.Mustafayev vətəndaşların müraciətləri və təkliflərini dinləyib, qaldırılan məsələlərin həlli üçün Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Vətəndaşların bir sıra müraciətləri operativ şəkildə həll edilib.
İqtisadiyyat və Sənaye Nazirliyinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Ümumiyyətlə, qəbulda 60-a yaxın vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, kiçik istehsal və emal sahələrinin yaradılması, abadlıq işlərinin genişləndirilməsi, kənd məktəbinin təmiri, sosial və s. məsələlərlə bağlı olub. Qəbula gəlmiş sahibkarlarla regionun iqtisadi potensialından daha səmərəli istifadə edilməsi barədə müzakirələr aparılıb, onların təklifləri dinlənilib, heyvandarlıq, quşçuluq, üzümçülük, meyvəçilik, kənd təsərrüfatı məhsullarının emalı, mebel istehsalı və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.
Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Ş.Mustafayev tərəfindən qəbul edilib, müraciətlərin operativ həlli üçün tədbirlər görülüb.