Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Avropa Birliyinin Şərq Tərəfdaşlığının “Demokratiya, yaxşı idarəçilik və sabitlik” Platformasının “Dövlət İdarəçiliyi sahəsində islahatlar” paneli çərçivəsində “E-qəbul sistemləri və digər e-hökumət alətləri” adlı seminar təşkil edib. APA-nın xəbərinə görə, seminarda Polşa, Rumıniya, Estoniya, Gürcüstan, Moldova, Ukrayna, və Belarusun dövlət qulluğu sahəsində müvafiq qurumlarının, Avropa Şurasının, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin və Avropa İttifaqının Bakı nümayəndəliklərinin əməkdaşları iştirak ediblər.
Komissiya sədri Bəhram Xəlilov deyib ki, seminarın təşkilində əsas məqsəd dövlət qulluğuna qəbulda e-xidmətin tətbiqi sahəsində Azərbaycanın əldə etdiyi uğurları xarici dövlətlərin analoji qurumları ilə bölüşməkdən, bu sahədə xarici təcrübəni öyrənməkdən ibarətdir.
Komissiya sədrinin sözlərinə görə, Şərq Tərəfdaşlığı proqramının əsas məqsədi 6 iştirakçı dövləti Avropa Birliyinə daha da yaxın etmək, həmin ölkələrdə iqtisadiyyatın inkişafı, insan hüquq və azadlıqlarının qorunması, dövlət idarəçiliyinin təkmilləşdirilməsini təşviq etməkdən ibarətdir: “Bizim üçün çox xoş haldır ki, Avropa Komissiyası dövlət qulluğuna elektron qəbul sisteminin təqdimatını təşkil etməyi Komissiyanın nümunəsində Azərbaycanda keçirməyi məsləhət görüb. İştirakçılara Azərbaycanda dövlət qulluğuna elektron qəbul sistemi və dövlət idarəçiliyində təqdim edilən digər elektron xidmətlər barədə məlumat veriləcək”.