Bakı - APA. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü və ATƏT-in Bakı ofisinin dəstəyi ilə «Məişət zorakılığına qarşı mübarizə-qurbanların müdafiəsində və onlara yardım göstərilməsində səylərin birləşdirilməsi» mövzusunda seminar işə başlayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iki gün davam edəcək seminarda aidiyyəti hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, Moldovanın «La Strada» beynəlxalq mərkəzinin eksperti iştirak edirlər.
Seminarın məqsədi «Məişət zorakılığının qarşısının alınması haqqında» Azərbaycan Respublikası Qanununun təbliği, qanunun tətbiqi barədə Azərbaycan prezidentinin 2010-cu il 1 oktyabr tarixli fərmanının icra mexanizminin ixtisaslaşmış vətəndaş cəmiyyətləri ilə birgə təkmilləşdirilməsi üsullarının müəyyən olunması, müvafiq fəaliyyət sahəsində beynəlxalq və milli təcrübələrin mübadiləsidir.
Tədbirdə həmçinin məişət zorakılığı qurbanlarının müdafiəsi üzrə ixtisaslaşmış QHT-lərin müəyyən olunması və mövcud potensiallarının qiymətləndirilməsi, onların akkreditasiyasını tənzimləyən aspektləri, bu sahədə işləyən mütəxəssislərin potensialının təkmilləşdirilməsi kimi məsələlər də müzakirə olunur.