Bank Of Baku

Budapeştdə kollektiv idarəetmə sahəsində ən yaxşı təcrübə və müəllif cəmiyyətlərinin fəaliyyətinə dövlət nəzarəti ilə bağlı seminar keçirilib

Budapeştdə kollektiv idarəetmə sahəsində ən yaxşı təcrübə və müəllif cəmiyyətlərinin fəaliyyətinə dövlət nəzarəti ilə bağlı seminar keçirilib
# 05 dekabr 2013 08:34 (UTC +04:00)

Bakı-APA. Budapeşt şəhərində Beynəlxalq Müəlliflər və Bəstəkarlar Cəmiyyətləri Konfederasiyasının (CİSAC) Mərkəzi və Şərqi Avropa ölkələri Bölməsi (BİEM) tərəfindən region ölkələrinin müəllif cəmiyyətləri üçün  növbəti illik seminar keçirilib.

 

Kollektiv idarəetmə sahəsində ən yaxşı təcrübənin öyrənilməsinə və kollektiv idarəetmə təşkilatları ilə nəzarətedici orqanlar arasında əlaqələrin inkişafı mövzusuna həsr edilmiş sayca 10-cu illik  seminarda müəllif-hüquq sahəsində dövlət siyasətini həyata keçirən Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin Əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Xudayat Həsənli və “Azərbaycan Müəllifləri” İctimai Birliyinin sədri İsmayıl Məmmədkərimov iştirak ediblər.

 

Müəllif Hüquqları Agentliyindən APA-ya verilən məlumata görə, agentliyin nümayəndəsi Azərbaycanda kollektiv idarəetmə təşkilatlarının tarixi, müəllif-hüquq subyekti kimi onların fəaliyyətinə dövlət nəzarətinin formaları, hüquqi əsasları və prinsipləri barədə məlumat verib.

 

Seminarda məruzə ilə çıxış edən əqli mülkiyyət üzrə tanınmış beynəlxalq ekspert Mixail Fisçor (o, Macarıstanı təmsil edir) rəqəmsal şəbəkədə hüquqların idarəçiliyi üzrə Azərbaycan Müəllif Hüquqları  Agentliyinin tabeliyindəki Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzində yaradılmış sistemi yeni nümunə kimi qeyd edib.

 

Seminarda müəlliflik hüququ və əlaqəli hüquqların kollektiv əsasda idarəçiliyi üzrə Avropa İttifaqının yeni Direktiv layihəsi ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Müzakirələrdə müəllif cəmiyyətləri tərəfindən qonorarların yığılması, bölüşdürülməsi və hüquq sahiblərinə çatdırılması, həmçinin tariflərin müəyyənləşdirilməsi və əsərlərdən istifadəyə görə lisenziyaların verilməsində yaxın vaxtlarda qəbul ediləcək həmin Direktivin xüsusi  rol oynayacağı vurğulanıb.

 

Müəlliflərin əmlak hüquqlarının kollektiv idarəçiliyi sahəsində ən yaxşı təcrübənin öyrənilməsi, kollektiv idarəetmə təşkilatlarına dövlət nəzarətinin hüquqi əsaslarının gücləndirilməsi, müəllif cəmiyyətlərinin fəaliyyətində antiinhisar qanunvericiliyinin tətbiqi və digər məsələlər barədə də geniş fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, (CİSAC 1926-cı ildə yaradılıb. Mənzil-qərargahı Paris şəhərində yerləşir. Hazırda CİSAC-da 121 ölkəni təmsil edən 229  müəllif cəmiyyəti birləşib. Bu cəmiyyətlər musiqi, ədəbi, audiovizual, qrafik və tətbiqi  incəsənət əsərləri yaradan 2,5 milyon nəfərdən çox müəllifin maraqlarını təmsil edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR