Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarında dəyişikliklər edib.
APA-nın verdiyi məlumata görə, dəyişiklik Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi üçün nəzərdə tutulan xidməti minik avtomobillərinin say həddi (limiti) ilə bağlıdır.
İndiyə qədər Dövlət Komitəsinin mərkəzi aparatına 6, Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən orqanlarına 1, ərazi və yerli bölmələrinə 14 minik avtomobili, yəni cəmi 21 avtomobil ayrılıb. Dəyişikliyə əsasən, Dövlət Komitəsinin mərkəzi aparatına ayrılan 6 minik avtomobili limiti saxlanılıb, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin mərkəzi aparatı üçün 2, Xidmətin ərazi və yerli bölmələri üçün 7 minik avtomobili nəzərdə tutulub.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidmətinin və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin mərkəzi aparatlarının da hər biri üçün 2 minik avtomobili limiti müəyyənləşib.