Dövlət xidmətlərinin Elektron Reyestr portalının təqdimatı keçirilib

Dövlət xidmətlərinin Elektron Reyestr portalının təqdimatı keçirilib
# 15 yanvar 2016 12:58 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu gün Dövlət xidmətlərinin Elektron Reyestr portalı – www.dxr.az-ın təqdimat mərasimi keçirilib. APA-nın xəbərinə görə, tədbirdə bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə yanaşı bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə vətəndaşlara dövlət xidmətləri haqqında informasiyanı təqdim edən dövlət xidmətlərinin Elektron Reyestr portalı - www.dxr.az yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron xidmətlərin inkişafı, sosial innovasiyalar şöbəsinin müdir müavini Fariz Cəfərov təqdimat mərasimində çıxışı zamanı bildirib ki, portalın yaradılmasında əsas məqsəd şəffaflığın təmin edilməsidir.

Müdir müavini deyib ki, 116 dövlət orqanı Elektron Reyestr portalında qeydiyyatdan keçib.

F. Cəfərov qeyd edib ki, portal daim təkmilləşdirilir: “Dövlət xidmətləri barədə vətəndaşları maraqlandıran informasiyalar araşdırılıb, təhlil edilib və Reyestrin strukturu müəyyən edilib. Artıq Elektron Reyestrin proqram təminatı hazırlanıb, xidmətlər sistemə daxil edilib, paralel olaraq müxtəlif istiqamətdə sınaqlar həyata keçirilib”.

Qeyd edək ki, dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestri Azərbaycan prezidentinin 11 sentyabr 2014-cü il tarixli 262 nömrəli Fərmanı ilə yaradılıb. Fərmanın 4.2-ci bəndinin icrası məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tərəfindən 9 fevral 2015-ci il tarixli 32 nömrəli Qərarla “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin aparılması” Qaydaları təsdiq edilib. Fərmana əsasən Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin aparılması Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR