Gəncə. Azər Məmmədli - APA. Gəncədə Heydər Əliyev Mərkəzində “Davamlı inkişaf və texnoloji innovasiyalar” adlı Beynəlxalq Elmi-Praktik konfrans keçirilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, konfrans Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr edilib. Azərbaycan Texnologiya Universiteti, Gəncə şəhər İcra Hakimiyyəti, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA-nın İqtisadiyyat İnstitutu və AMEA-nın Gəncə Bölməsinin birgə təşkilatçılığı və təşəbbüsü ilə təşkil olunan keçirilən beynəlxalq elmi-praktik konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, təhsil nazirinin müşaviri Samir Vəliyev, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov, Latviyanın keçmiş prezidenti Valdis Zatlers, professor İsa Alıyev, Doğu Akdeniz Universitetinin Türk Cümhuriyyətləri üzrə rektor müşaviri Orxan Həsənoğlu və Gürcüstan, Rusiya, Çin və. başqa ölkələrdən nümayəndə heyəti iştirak edib.
Tədbirə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin İdarə Heyətinin üzvü, Latviyanın keçmiş prezidenti Valdis Zatlers, Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov və təhsil nazirinin müşaviri Samir Vəliyev çıxış ediblər.