Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin sentyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 - “Çağrı mərkəzi”nə 6 834 müraciət daxil olub ki, onların 94,5%-i (6461 müraciət) sorğu xarakteri daşıyıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, sorğuların 68,2%-i, yəni 4 410 müraciət əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən istifadə ilə bağlı işəgötürənlər tərəfindən edilib.
Bundan başqa, ötən ay “Çağrı mərkəzi”nə daxil olan müraciətlərin 1 551-i sosial təminat, 303-ü əlillik və reabilitasiya, 570-i məşğulluğun təminatı, peşə hazırlığına cəlb olunma ilə bağlı olub.
Ümumilikdə, bu ilin 9 ayında isə 142 - “Çağrı mərkəzi” tərəfindən 17 061 müraciət cavablandırılıb ki, onlardan 8 549-u əmək qanunvericiliyi və işçi hüquqlarının təminatı, 1 229-u məşğulluğun təminatı, 913-ü əlillik və reabilitasiya, 6 370-i sosial təminat məsələlərini əhatə edib.
Bütün müraciətlər nazirliyin aidiyyatı struktur bölmələrinin mütəxəssisləri tərəfindən operativ və obyektiv şəkildə cavablandırılıb, habelə sorğularla bağlı müvafiq izahatlar verilib.