Lənkəran. Ağəddin Babayev - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi əhalinin təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları barədə məlumatlandırılması məqsədilə Lənkəran rayonunun Velədi və Kosalar kənd orta məktəblərində “Həyatının təhlükəsizliyi sənin öz əlindədir” mövzusunda maarifləndirici tədbirlər keçirib.
APA-nın cənub bürosunun məlumatına görə, təbliğat xarakterli bu tədbirlərdə rayon Təhsil şöbəsinin nümayəndələri, Velədi və Kosalar kənd orta məktəblərin müəllim, şagird kollektivləri, eləcə də valideynlər iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd əhalini, xüsusilə də azyaşlı uşaqları təbii və texnogen xarakterli qəzalar zamanı düzgün davranış qaydaları barədə maarifləndirməklə onların bu sahədə biliklərini daha da artırmaqdan ibarət olub.
Tədbirdə “Sel və daşqınlar zamanı təhlükəsizlik tədbirləri”, “Qaz cihazlarının istismarı zamanı təhlükəsizlik tədbirləri, karbon-monoksid qazı ilə zəhərlənmələr vaxtı ilkin yardım”, “Respublika ərazisində ehtimal olunan təbii fəlakətlərdən mühafizə üsulları” və “Hansı hallarda 112 zəng mərkəzi ilə əlaqə saxlamaq lazımdır” mövzularında çıxışlar olub.
Tədbirdə, həmçinin, “Zəlzələ vaxtı, ondan əvvəl və sonra özünə və başqalarına kömək etməyi bacar”, “Hansı hallarda FHN-in 112 zəng mərkəzi ilə əlaqə saxlamaq lazımdır” və “Odla oynamaq təhlükəlidir” mövzularında hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılıb, həmçinin Mərkəzin fəaliyyəti ilə bağlı foto slaydlar, ilkin tibbi yardımın həyata keçirilmə yolları, sınıqlar və qanaxmalar zamanı iş üsulları tədbir iştirakçılarına əyani şəkildə göstərilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.