Lənkəran. Ağəddin Babayev – APA. 1 mart - Ümumdünya Mülki Müdafiə Günü" münasibətilə bu gün Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbə və Kənarmeşə kənd orta məktəblərində Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi, Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsi və Lənkəran şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbirlər həyata keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, tədbir təhsil müəssisələrinin 5, 6, 9 və 10-cu siniflərində “Fövqəladə hallar, onların fazaları, təsnifatı, xüsusiyyətləri və fövqəladə hal baş verdikdə insanların davranış psixologiyası”, “Məktəblilərin mülki müdafiə biliklərinə yiyələnməsinin təşkili və mülki müdafiə işinin təkmilləşdirilməsi”, “Fərdi mühafizə vasitələrindən istifadə qaydaları”, “Məişətdə qaz cihazlarından istifadə edərkən təhlükəsizliyi necə təmin etməli” və “Novruz bayramı şənliklərində yanğın və texniki təhlükəsizlik qaydalarının bütün tələblərinə ciddi əməl olunmalıdır” mövzularında açıq dərslər keçirilib. FHN-in müvafiq əmri ilə təsdiq olunmuş “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsi haqqında əsasnamənin şərtləri, müsabiqənin keçirilmə mərhələləri və məktəblilərin bu müsabiqədə fəal iştirak etmələrinin vacibliyi müəllim və şagird heyətinin diqqətinə çatdırılıb.
Sonra təhsil müəssisələrinin təxliyə planlarının mərtəbələr üzrə müvafiq qaydalara əməl etməklə düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl olunmasına nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürən vasitələrlə təchiz olunmasının vacibliyi barədə məlumat verilib.
Baş verə biləcək yanğın hadisələrinin qarşısını almaq məqsədilə Mərkəzin əməkdaşları tərəfindən təhsil müəssisələrinin inzibati və yardımçı binalarının elektrik təsərrüfatına baxış keçirilib və yanğın hadisəsinə səbəb ola biləcək amillərin aradan qaldırılması yolları təhsil müəssisələri rəhbərliyinin nəzərinə çatdırılıb.
Tədbir zamanı şərti xəbərdarlıq siqnalı ilə məktəbdə “Zəlzələ həyəcanı” elan edilib. Xilasetmə qrupları tərəfindən şagirdlərin fəlakət zonasından təxliyəsi, zəlzələ zamanı düzgün mövqe tutmaq qaydaları, zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi və digər təxirəsalınmaz qəza-bərpa işlərinin vaxtında və düzgün icrası tədbir iştirakçılarına əyani şəkildə göstərilib.
Sonda “Hansı hallarda 112 qaynar xətlə əlaqə saxlamaq lazımdır”, “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!”, “Qəza radiasiya zədələnmələrinin diaqnozu necə qoyulmalı və ilk cavab tədbirləri necə görməli”, “Özünə və başqalarına kömək etməyi bacar” mövzularında hazırlanmış kitab və bröşürlar tədbir iştirakçılarına paylanılıb, “Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri”nə dair video çarx nümayiş olunub, müəllim və şagirdlərə Mərkəzin “Mercedes-Sprinter” xüsusi təyinatlı nəqliyyat vasitəsi və onun komplektinə daxil olan avadanlıqlar, fərdi mühafizə vasitələri və onlardan düzgün istifadə qaydaları əyani şəkildə göstərilib, eləcə də dinləyiciləri maraqlandıran suallar məruzəçilər tərəfindən cavablandırılıb.