Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) magistraturaya sənəd verən bakalavrlara müraciət edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ali təhsil müəssisələrinin magistraturalarına martın 3-də keçiriləcək qəbul imtahanının birinci mərhələsində iştirak edəcək bakalavrlar bu gündən etibarən öz elektron ərizələrinə daxil olaraq imtahana buraxılış vərəqəsini çap edib götürə bilərlər.
İmtahanda iştirak etmək üçün bakalavrlar elektron ərizələrinə daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər. Orada göstərilən ünvanda və tarixdə imtahanda iştirak etmək üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni və şəxsiyyəti təsdiq edən sənədi imtahana mütləq gətirməlidirlər.
Qeyd edək ki, imtahanda iştirak etmək üçün 21622 bakalavr ərizə verib. Onlardan 19079 Azərbaycan bölməsi, 2543 nəfəri rus bölməsi üzrə imtahan verəcək. İmtahanın birinci mərhələsi martın 3-də keçiriləcək və bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı təqdim olunacaq.