Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyində “Maddi mədəniyyət abidələrinin bərpası, konservasiyası və mühafizəsi problemləri” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.
APA-nın xəbərinə görə, 2 gün davam edəcək konfransın açılışında çıxış edən muzeyin direktoru, akademik Nailə Vəlixanlı bildirib ki, maddi mədəniyyət abidələrinin bərpası və mühafizəsi problemləri bütün zamanlarda vacib məsələlərdən biri olub. Onun sözlərinə görə, bu istiqamətdə bir çox ölkələrin muzeyləri ilə birgə əməkdaşlıq edilir və müəyyən nəticələr əldə edilib.
N.Vəlixanlı qeyd edib ki, bu gün Milli Azərbaycan Tarixi Muzeyində “Mis süfrə qabları” sərgisi də fəaliyyətə başlayıb: “Sərgidə Muzeyin Etnoqrafiya Fondundan XVIII-XIX əsrlərə aid 25 adda 160-dan artıq eksponat nümayiş olunur. XIX-XX əsrlərdə ənənəvi olaraq istifadə olunmuş misgərlik alətləri - kəlbətinlər, zindan və çəkiclər, qayçılar, körük, həmçinin “misgər emalatxanası” maketi Azərbaycanda misgərlik sənətinin xüsusiyyətlərindən bəhs edir. Azərbaycanda düzəldilmiş qablarla bərabər sərgidə Avropa və Rusiyada düzəldilmiş, XIX əsrdən başlayaraq Azərbaycanda istifadə olunmuş badələr, samovarlar da iştirakçıların diqqətinə təqdim olunur. Sərgidə qurulan məlumat panellərində Azərbaycan və ingilis dillərində Azərbaycan mis süfrə qabları haqında məlumat verilir”.
Qeyd edək ki, sərgi muzeyin direktoru, akademik Nailə Vəlixanlının rəhbərliyi ilə hazırlanıb. Giriş pulsuz olan sərgi dekabrın 29-dək davam edəcək.