Bakı. Kəmalə Quliyeva – APA. “Dövlət ali məktəblərində təhsil haqlarının əlavə dəyər vergisindən azad edilməsi çox yaxşı qərardır. Bu vəsaitlər universitetlərin infrastrukturunun yaradılmasına, maddi-texniki bazasının möhkəmlənməsinə, həm də müəllimlər üçün əlavə əməkhaqlarının verilməsinə sərf olunur”.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib. O deyib ki, bu qərar özəl ali məktəblərə aid deyil: “Kommersiya hüquqlu şəxslər ƏDV-dən azad olunmamalıdır. Təhsil haqqında qanun müzakirə ediləndə belə bir məsələ qalxmışdı. Amma biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Özəl ali məktəblər ƏDV-dən azad olunmaq istəyirlərsə, Ədliyyə Nazirliyində qeyri-kommersiya hüquqlu şəxs kimi qeydiyyatdan keçsinlər və bu imtiyazlardan faydalansınlar”.