Bakı. Kəmalə Quliyeva – APA. Nazirlər Kabineti yanında Terminologiya Komissiyası müstəqillik illərindən bu yana ölkədə çap olunan bütün lüğət və sahəvi ensiklopediyaların monitorinqini aparacaq. Bu barədə APA-ya Komissiyanın sədr müavini Sayalı Sadıqova məlumat verib. Onun sözlərinə görə, monitorinq zamanı Azərbaycan Milli Elmlər Akademiyası nəzdindəki Terminologiya Komissiyasının icazəsi olmadan çap olunan lüğət və ensiklopediyalara xüsusi diqqət yetiriləcək: “Təkcə 2000-ci ildən indiyədək Terminologiya Komissiyasının rəsmi icazəsi ilə 86 lüğət çap olunub. Lakin Komissiyanın icazəsi olmadan özbaşına olaraq çap olunan lüğət və ensiklopediyaların sayı da çox olub. Monitorinq zamanı qanunsuz çap olunan nəşrlər aydınlaşdırılacaq”.
S. Sadıqovanın sözlərinə görə, Komissiya plagiat lüğət və ensiklopediyaların da monitorinqini keçirəcək. Bunun üçün Terminologiya Komissiyasının nəzdində ayrıca komissiyanın yaradılması nəzərdə tutulur: “Son vaxtlar Komissiyaya plagiat lüğətlərə dair müraciətlər daxil olur. Müəlliflərin özlərinin iştirakı ilə bu lüğətlərin açıq müzakirələri keçiriləcək. Hansı lüğətin müəllifi sağdırsa öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə biləcək. Müəlliflər sağ deyilsə, onların hüquqları Komissiya tərəfindən qorunacaq və plagiat lüğətin müəlliflik hüququ ləğv ediləcək”.