Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda son illər ərzində istilik məqsədi ilə meşə massivlərində ağacların qırılması faktları kəskin şəkildə azalıb. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Baǧırov bildirib.
Onun sözlərinə görə, bunun səbəbi son illərdə Azərbaycanda qazlaşdırmanın genişlənməsi və mühafizə tədbirlərinin gücləndirilməsi ilə bağlıdır: «Əvvəllər olduğu kimi, hazırda insanlar kütləvi şəkildə meşəyə getmirlər. Bəzi ayrı-ayrı adamlar biznes məqsədləri üçün meşədə qanunsuz şəkildə ağacları qırıb gətirib insanlara satırlar».
Nazir bildirib ki, alternativ olan yerdə insanlar bunun bazarına getmirlər: «Nəticədə, istehsalat kəskin azalıb. Eyni zamanda, meşədə ağac qırılmasının qarşısının alınması üçün hazırda mübarizə effektli şəkildə aparılır. Bu gün artıq meşələrimiz üçün ciddi problem olduğunu deməzdim. Bu iş sıfıra endirilməlidir. Azərbaycan landşaftında, təbiətində meşə ağacları çox böyük rol oynayır. Bu ağacların istilik məqsədilə yandırılması effekti isə bununla müqayisə oluna bilməz».
H.Bağırov vurğulayıb ki, sənaye materialları kimi meşələrdə ağacların qırılması problemi də demək olar ki, aradan qaldırılıb: «Çünki ölkədə iri fabriklər davamlı işləmək üçün xarici ölkələrdən ağac gətirir. Hazırda cüzi sayda sexlərdə yerli meşə ağaclarından emal prosesində gizli şəkildə istifadə edilir».