Bakı. Könül Kamilqızı - APA. Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Xaçmaz Rayon İcra Hakimiyyətində “Özünədəstək” proqramına cəlb olunmuş ailələrlə görüşüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə qeyd olunub ki, Xaçmaz rayonunda aztəminatlı ailələrdən potensial imkanları olan 30 ailə “Özünədəstək” proqramına cəlb edilib və onlardan 29 ailəyə şəxsi yardımçı təsərrüfatlarını inkişaf etdirmək, 1 ailəyə isə əmtəə və xidmətlərin istehsalı ilə məşğul olmaq, beləliklə də sosial reabilitasiya olunmaq üçün bir il ərzində ala biləcəkləri ünvanlı sosial yardım məbləğində birdəfəlik formada vəsait ödənilib. Rayonda aparılmış monitorinqin nəticələrinə əsasən, proqramın icrasının ilk rübündə həmin ailələrin 26-nın gəlirlərində əvvəlki dövrdə aldıqları ünvanlı sosial yardımla müqayisədə artım müşahidə edilib və reabilitasiya prosesi artıq 86% yerinə yetirilib.
Xaçmaz rayonunda olarkən nazir Fizuli Ələkbərov həmçinin rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunan 4 mərtəbəli 36 mənzilli yaşayış binasının tikinti işləri ilə yaxından tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib.