Bakı. Gülnar Bəşirova - APA. Heydər Əliyev adına Ali Hərbi Məktəbdə 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə tədbir keçirilib.
Ombudsman Aparatından APA-ya verilən məlumata görə, Aparatın Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri Zaur Əliyev tədbirdə zabit və kursantlar qarşısında “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsində Ombudsmanın rolu” mövzusunda mühazirə oxuyub.
Müvəkkilin nümayəndəsi Ombudsmanın insan hüquqları sahəsində çoxşaxəli fəaliyyəti, həmçinin Müvəkkilə İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizmin (MPM) və “İnformasiya əldə etmək haqqında” qanunun tələblərinə nəzarətin həyata keçirilməsi üzrə verilən yeni səlahiyyətlər, habelə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun xüsusiyyətləri barədə də danışıb.
Ombudsmanın nümayəndəsi məktəbin tədris və yataqxana korpusları, kitabxanası, idman qurğuları ilə, habelə kursantların hərbi biliklərə yiyələnməsi, təlim-tərbiyəsi, asudə vaxtının təşkili üzrə vəziyyətlə tanış olub.
Qeyd edək ki, tədbirdə Azərbaycan Ali Hərbi Dənizçilik və Ali Hərbi Təyyarəçilik məktəblərinin zabitləri və kursantları da iştirak edib.