Bakı. Könül Kamilqızı – APA. Yaxın vaxtlarda Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil Komissiyası tərəfindən azərbaycanlı tələbələrin xaricdə təhsili üzrə yeni prioritetlər açıqlanacaq. Təhsil nazirinin müavini Qulu Novruzov APA-ya açıqlamasında deyib ki, bunun sayəsində cari il daha artıq sayda tələbəni Azərbaycanın ehtiyaclarına uyğun olan ixtisaslar üzrə xaricdə təhsil almağa göndərmək mümkün olacaq.
Xaricdə təhsil üzrə qayda və şərtlərin dəyişilməz olduğunu söyləyən nazir müavini qeyd edib ki, ən bacarıqlı, yüksək dil qabiliyyəti və göstəriciləri olan tələbələr xaricə göndəriləcək: “Ötən il dövlət proqramı çərçivəsində xaricdə təhsil almaq üçün 900-dən artıq tələbə elektron ərizə ilə müraciət edib ki, onlardan da 712 nəfər sənədlərini təsdiq etdirib. Yekun nəticədə isə 606 nəfər xaricdə təhsil almaq imkan qazanıb. Bu o deməkdir ki, proqramda iştirak etmək üçün yüksək göstəricilərə malik olmaq, ali məktəblər tərəfindən qəbul şərtlərini ödəmək lazımdır.
Q. Novruzovun sözlərinə görə, xaricdə təhsili həyata keçirmək üçün elektron ərizə qəbulunda daha da təkmilləşmə işləri aparılacaq. Bu, bilavasitə texniki imkanlarla bağlı, ərizənin doldurulması prosesini daha asanlaşdıran və təkmilləşdirən işlərdir.