Bank Of Baku

Rəbiyyət Aslanova: “Bəzi dövlətlər BMT-nin funksiyalarını nəzarət altına almağa çalışır"

Rəbiyyət Aslanova: “Bəzi dövlətlər BMT-nin funksiyalarını nəzarət altına almağa çalışır"
# 09 dekabr 2013 10:44 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisində bu gün 10 dekabr - Beynəlxalq İnsan Hüquqları günü münasibətilə “Azərbaycan Respublikasında insan hüquqları və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələr və milli qanunvericilik müzakirə olunub.

 

APA-nın məlumatına görə, tədbirdə İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib ki, bu gün dünyanın bəzi güclü dövlətləri BMT-nin sülh yaradıcı missiyasının funksiyalarını mənimsəyərək bir sıra maneçilik yaradırlar.

 

O qeyd edib ki, bu gün Azərbaycanın torpaqları Ermənistan tərəfindən işğal edilir və yüz minlərlə insan qaçqın düşərək fundamental hüquqları pozulur: “Beynəlxalq İnsan haqları bəyannaməsinin 40 illik yubileyi ərəfəsində Azərbaycan torpaqları işğal edildi. Bu gün isə biz mövcud bəyannamənin 65 illik yubileyini qeyd edirik. Keçən 25 il ərzində beynəlxalq ictimaiyyət Azərbaycana qarşı olan haqsızlığa və vətəndaşlarımızın qarşılaşdığı hüquq pozuntularına biganə yanaşır. BMT dünyada baş verən konfliktləri həll etmək üçün sülh yaradıcı missiya həyata keçirir. Bu missiya qəbul etdiyi qətnamələrlə konfliktlərin həllinə çalışır, lakin bəzi güclü dövlətlər bu funksiyanı öz nəzarətinə keçirməklə sanki dünyada sülh yaradıcı missiyanı həyata keçirir. Əslində isə onlar bununla mövcud funksiyaların qaydalarını pozurlar. Bu gün işğalçılıq siyasəti davam edir və beynəlxalq aləm bütün baş verənləri sükutla qarşılayır. Bu da onu göstərir ki, beynəlxalq qurumlar öz vəzifələrini lazımi şəkildə yerinə yetirmirlər. Bu isə insanların beynəlxalq hüquqlara olan inamlarını zəiflədir".

 

Komitə sədri onu da deyib ki, bu gün Azərbaycan bütün beynəlxalq hüquq konvensiyalarına qoşularaq tələblərin yerinə yetirilməsində və öz öhdəsinə düşənləri lazımınca yerinə yetirir: "Prezident İlham Əliyev tərəfindən ölkədə insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlı Milli Fəaliyyət Planı qəbul edilib. Bu plan keçilən yolda əldə olunan uğurlar əsasında hazırlanmayıb, əksinə, irəliyə baxışı tələb edən sənəddir. Bu sənəd “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə çox uzlaşır. Bu da dövlət-vətəndaş münasibətlərini, gələcəyə baxışı təmin etmək və münasibətləri tənzimləmək məqsədi daşıyır”.

 

Ombudsman Elmira Süleymanova isə çıxışında qeyd edib ki, ermənilər gələn il uydurma “erməni soyqırımı”nın 100 illiyini keçirmək üçün ciddi işlər görür: "Buna cavab olaraq biz Türkiyə ilə birgə səylərimizi daha da gücləndirməli və bir sıra vacib nəşrlər hazırlamalıyıq. Dünyaya bir daha sübut etmək lazımdır ki, ən böyük soyqırımı azərbaycanlılara qarşı törədilib. Bu məsələdə Xocalı soyqırımını xüsusi vurğulamaq kifayət edər".

 

Deputat İlyas İsmayılov hazırda Azərbaycanda məhkəmə sistemində insan hüquqlarının pozulması ilə bağlı faktların olduğunu deyib. O, xeyli vaxtdır məhkəmələrdə bəraətlərin olmamasını xatırladaraq, bunun insan haqları ilə bağlı kobud hal olduğunu bildirib.

 

Deputat Fəttah Heydərov qeyd edib ki, beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkar siyasətini xorla təsdiq etsələr də, işğal faktının aradan qaldırılması ilə bağlı real işə gəldikdə ciddi addımlar atmırlar: “20 ildən artıqdır Azərbaycan vətəndaşlarının fundamental hüquqları kobud sürətdə pozulur və beynəlxalq təşkilatlar bununla bağlı qərarlar qəbul etsələr də, onun icrasında israrlı görünmürlər. Beynəlxalq hüquq prinsiplərinə lazımı şəkildə riayət olunmur. 15 ildən artıqdır ATƏT Parlament Assambleyasının üzvləri kimi hər sessiyada Ermənistanın təcavüzü və işğal nəticəsində insan haqlarının pozulması ilə bağlı məsələ qaldırırıq. Müzakirələrdə və keçirilən görüşlərdə müxtəlif ölkələrin nümayəndələri bizimlə həmrəy olaraq xorla Ermənistanın Azərbaycana qarşı təcavüzünü və insan haqlarını kobud şəkildə pozduqlarını təsdiq edirlər. Real işə gəldikdə isə tamam başqa mövqe sərgiləyirlər”.

 

Deputat Zahid Oruc isə İ.İsmayılova cavab olaraq bildirib ki, insan haqları məsələsi yalnız məhkəmələrlə ölçülə bilməz. O, insan hüquqları ilə bağlı dünyada baş verən haqsızlıqları misal gətirərək, Azərbaycandakı nümunəvi hallardan danışıb.

 

Digər deputatlar da müzakirələrdə iştirak edərək fikirlərini bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR