Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Səhiyyə Nazirliyi yeni elektron xidmətlərin tətbiqinə başlayıb. «APA-Economics»in məlumatına əsasən, yeni xidmətlər vətəndaşlara dərman vasitələri və tibb müəssisələri haqqında, eləcə də elektron sağlamlıq kartı üzrə məlumatların verilməsi, müxtəlif qruplara aid vətəndaşlara müayinələrdən keçmələri barədə məlumatın verilməsini nəzərdə tutur.
«Dərman vasitələri haqqında məlumatın verilməsi» xidməti vasitəsilə vətəndaşlar Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatından keçirilmiş dərman vasitələrinin ticarət adı (əmtəə nişanı), beynəlxalq patentləşdirilməmiş adı, buraxılış forması, istehsalçısı, dövlət qeydiyyatının tarixi, nömrəsi və qüvvədə olma müddəti haqqında məlumat ala biləcəklər.
«Obliqat qruplara aid vətəndaşlara müayinələrdən keçmələri barədə məlumatın verilməsi» xidməti vasitəsilə müxtəlif sahələrdə çalışan, işə daxil olarkən və sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan vətəndaşlar (obliqat qruplar) keçdiyi müayinələr və müayinələrin nəticələri haqqında məlumatları tibbi müayinə kartı sistemindən əldə edə biləcəklər.
«Tibb müəssisələri barədə məlumatların verilməsi» xidmətinin köməyi ilə istifadəçilər ölkə ərazisində fəaliyyət göstərən tibb müəssisələrinin adı, profili, göstərilən xidmətlərin siyahısı, rəhbəri, iş rejimi, ünvanı, telefon nömrələri və digər əlaqə vasitələri haqqında məlumatlar alacaqlar. «Vətəndaşlara elektron sağlamlıq kartı üzrə məlumatların verilməsi» xidməti elektron sağlamlıq kartı sistemində olan məlumatların (xəstəlik tarixi, cari istifadə edilən dərman preparatları, peyvəndlər, tibbi sığorta və s.) istifadəçilərin özləri tərəfindən əldə olunmasından ibarətdir.