Səhiyyə Nazirliyinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, noyabrda ümumi müraciətlərin sayı 25-i keçib. Ötən ay belə halların nisbətən az olduğunu deyən A.Maqsudov qeyd edib ki, havalar soyuduqca belə halların sayı artır: “Bakı şəhər baş Səhiyyə İdarəsi tərəfindən spirtli içkilərdən zəhərlənmə halları mərkəzə həvalə olunub. Amma sərxoşluqla bağlı hallar çox vaxt zəhərlənmə kimi qiymətləndirilmir. Onların hospitallaşdırmaya ehtiyac olmur, ilkin məsləhət, kömək göstərilir və özünə gələndən sonra evə buraxılır”.
A.Maqsudov qeyd edib ki, dərmandan allergik reaksiyalar nəticəsində hər ay 10-15 zəhərlənmə hadisəsi qeydə alınır. Bu ay ərzində 12 belə faktın baş verdiyini deyən toksikoloq vurğulayıb ki, hadisələr Bakının Nəsimi, Nərimanov, Səbail və digər rayonların olub.
Mərkəzin müdiri bu ay sirkə turşusundan zəhərlənənlərin də sayını açıqlayıb. Onun sözlərinə görə, bu ay sirkə turşusundan 2 nəfər zəhərlənib. Hadisələrdən biri Bakının Güzdək kəndində, digəri isə paytaxtın mərkəzində qeydə alınıb.