Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda Təhsil Nazirliyi sisteminə daxil olan ali məktəblər və onların nəzdində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin doktoranturalarına qəbul imtahanlarının nəticələrinə əsasən bəzi yerlər boş qalıb. Bu barədə APA-ya açıqlamasında Təhsil Nazirliyin Elm şöbəsinin müdiri Gültəkin Hüseynova deyib. O bildirib ki, yerlərin boş qalmasının səbəbi bu il yerlərin çox götürülməsi ilə bağlı olub. İki ildir ki, doktoranturaya qəbul aparılmadığını deyən şöbə müdiri qeyd edib ki, hansısa ixtisaslarda boşluğun olmasını istəməyiblər: “Çünki doktorantura pilləsini bitirən yaşlı kadrları cavanlar əvəz etməlidir. Bütün bu və ya digər məqsədləri nəzərə alaraq doktoranturaya qəbul planı bir az çoxaldılmışdı. Lakin qəbul imtahanının nəticəsində bəzi yerlər boş qalıb. Bunlar isə əsasən çətin ixtisaslar, eksperiment, texniki sahələrlə üzrədir”.