Bakı. Gülnar Bəşirova - APA. Mayın 2-də Azərbaycan Tibb Universitetində Tələbələr və Gənc Həkimlər üçün “I Beynəlxalq Tibb Konqresi”nin açılışı olub.
APA-nın məlumatına görə, açılış mərasimində əvvəlcə Azərbaycan himni səsləndirilib.
Azərbaycan dövlətinin müstəqillik tarixinə, inkişafına həsr olunmuş qısa filmin nümayişindən sonra Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov salamlama nitqi ilə çıxış edib.
Akademik Ə. Əmiraslanov tədbirin ATU-nun Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən ilk beynəlxalq konfrans olduğunu nəzərə çatdıraraq, konqresin işinə uğurlar arzulayıb.
Sonra Tələbə Elmi Cəmiyyəti adından rektor Ə. Əmiraslanova təşəkkür plaketi təqdim olunub.
Konqresin qonaqlarından İstanbul Universitetinin professoru, Tibb Təhsili və Araşdırmaları Mərkəzinin rəhbəri, professor Cavit Avci, Rusiyanın Tümen Universitetinin təmsilçisi, professor Vitali Bıçkov da Azərbaycan təhsilinin səviyyəsi ilə bağlı fikirlərini bölüşüblər.
Açılış mərasimindən sonra ATU tələbələrinin ifasında klassik musiqi nümunələri səslənib.
Fasilədən sonra konqres işinə start verib. Tədbirin ilk sessiyasında ATU-nun tələbələri tərəfindən müxtəlif elmi mövzularda araşdırmaların təqdimatı keçirilib. Gənc həkimlərin elmi işləri konqresin sonunda beynəlxalq tərkibli Münsiflər Heyəti tərəfindən qiymətləndiriləcək.
İkinci sessiyada isə “Laproskopik üsulla yırtıqların müalicəsi”, ”Yoğun bağırsaqda bədxassəli şişlər”, “2014-cü ildə ateroskleroz” kimi mövzularla əlaqədar mühazirələr səsləndiriləcək.
Tələbələr və Gənc Həkimlər üçün “I Beynəlxalq Tibb Konqresi 2 gün davam edəcək. Bu tədbirə dünyanın bir çox ölkələrindən gənc həkimlər və tibb ixtisası üzrə təhsil alan tələbələr də qatılıb.
Qeyd edək Konqres Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilib.