Lənkəran. Ağəddin Babayev – APA. Martın 1-də Ümumdünya Mülki Müdafiə günü münasibətilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarının Lənkəran Regional mülki müdafiə şöbəsi Qızıl Aypara Cəmiyyətinin Lənkəran rayon bölməsi ilə birlikdə tibb kollecinin tələbələri və ictimaiyyətin nümayəndələri üçün “Qəzalar və təbii fəlakətlər zamanı necə davranmalı” mövzusunda praktik-maarifləndirici tədbir keçirib. APA-nin cənub bürosunun məlumatına görə, əvvəlcə müxtəlif növ xilasetmə avadanlıqları, fərdi mühafizə vasitələri nümayiş olunub. Mülki müdafiə qoşunlarının zabitləri xilasetmə avadanlıqlarından istifadə qaydaları haqqında ətraflı məlumat veriblər.
Daha sonra qəzalar, zəlzələlər, sellər, yanğınlar, uçqunlar və digər təbii fəlakətlər zamanı xəsarət alan insanlara ilkin tibbi yardımın göstərilməsi və yaralının fəlakət ərazisindən təxliyəsi praktiki olaraq nümayiş etdirilib.
Tədbirdə Qızıl Aypara Cəmiyyətinin Lənkəran rayon bölməsinin sədri Füzuli Həsənov çıxış edərək, respublikada mülki müdafiə qoşunlarının hazırkı vəziyyəti, baş verən qəzalar və təbii hadisələr zamanı nümayiş etdirdikləri cəsarət və mətinlikdən danışaraq bildirib ki, oxşar hadisələr zamanı Qızıl Aypara Cəmiyyəti də daim fəallıq göstərərək zərər çəkən insanları müxtəlif tibbi vasitələr və ərzaq məhsulları ilə təmin edir.