Bakı. Gülnar Bəşirova- APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya noyabrın 5-dən 10 dövlət orqanında inzibati vəzifələrin beçinci-yeddinci təsnifatlarına uyğun olan 32 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edir. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 5-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatlarında, 27-si isə birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan vətəndaşı müsabiqədə iştirak edə bilər.
Müsabiqənin test imtahanı zamanı namizədlərin dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklər və Azərbaycan dili üzrə test proqramı 15, qanunvericilik sahəsində 40, informasiya texnologiyaları sahəsində 15, məntiqi düşünmə qabiliyyəti sahəsində 30 test tapşırığı ilə yoxlanılacaq.
Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.
Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları 30 gün müddətində elektron və ya kağız daşıyıcılar vasitəsilə Komissiyada qeydiyyatdan keçməlidirlər.
Müsabiqəyə dair ətraflı məlumat noyabrın 5-dən Komissiyanın rəsmi internet saytında - www.dqmk.az və “Respublika” qəzetinin həmin tarixli sayında veriləcək.
Onu da qeyd edək ki, 2013-cü il 4 oktyabr tarixdə 75 dövlət orqanında inzibati vəzifələrin beçinci-yeddinci təsnifatlarına uyğun olan 590 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqə üzrə sənəd qəbulu bu gün 18:00-da bitib.
2013-cü il 25 oktyabr tarixdə 19 dövlət orqanında inzibati vəzifələrin beçinci-yeddinci təsnifatlarına uyğun olan 416 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilmiş müsabiqə üzrə sənəd qəbulu isə noyabrın 25-i saat 18:00-da bitəcək.