Bank Of Baku

Xarici dövlətlərin hüquqi şəxsləri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda peşə məktəbləri və peşə liseyləri təsis edə biləcəklər

Xarici dövlətlərin hüquqi şəxsləri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda peşə məktəbləri və peşə liseyləri təsis edə biləcəklər
# 08 yanvar 2014 09:11 (UTC +04:00)

APA-nın məlumatına görə, ilk peşə-ixtisas təhsili müəssisəsinin təsisçisi dövlət, bələdiyyələr, Azərbaycan vətəndaşları, xarici dövlətlərin hüquqi şəxsləri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ola bilərlər.

 

İlk peşə-ixtisas təhsili müəssisələrinə peşə məktəbləri və peşə liseyləri daxildir. Peşə məktəbinə qəbul olunanlara yalnız ilk peşə-ixtisas təhsili verilir. Peşə liseyinə ümumi orta təhsil bazasından qəbul olunan şəxslərə peşə-ixtisas təhsili ilə yanaşı, həmçinin tam orta təhsil almaq hüququ da verilir. Təsisçiləri əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər olan ilk peşə-ixtisas təhsili müəssisəsinin mühəndis-pedaqoji heyətinin azı 80 faizini Azərbaycan vətəndaşları təşkil etməlidir. Ümumi orta və tam orta təhsil səviyyələri üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən və ya tam orta təhsil səviyyəsində fənn (fənlər) üzrə bilik qiyməti “2” olduğu üçün attestasiyaya buraxılmayan və ilk peşə-ixtisas təhsili almaq istəyən 15 yaşdan yuxarı olan şəxslər “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”na uyğun olaraq verilən müvafiq arayış əsasında ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil ala bilərlər. İlk peşə-ixtisas təhsili müəssisəsinə ümumi orta təhsil bazasından qəbul olunanlar peşə ixtisası ilə yanaşı, tam orta təhsil almaq hüququna da malikdirlər.

 

Ödənişli əsaslarla təhsil almaq istəyənlərin təhsili ilk peşə-ixtisas təhsili müəssisəsi ilə bağlanılan müqavilələrə uyğun olaraq həyata keçirilir. Dövlət ilk peşə-ixtisas təhsili  müəssisələrində maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslər və sosial müdafiəyə ehtiyacı  olanlar üçün müvafiq qaydada şərait yaradılır. Xaricdə yaşayan  azərbaycanlılar üçün ilk peşə-ixtisas təhsili pilləsi ilə bağlı dövlətin həyata keçirdiyi xüsusi layihələrdə və proqramlarda ilk peşə-ixtisas təhsili müəssisələri iştirak edə bilərlər. İlk peşə-ixtisas təhsili müəssisələrində təhsil əyani formada həyata keçirilir. İlk peşə-ixtisas təhsili müəssisələrində tədris dövlət dilində - Azərbaycan dilində aparılır.  Vətəndaşların, ilk peşə-ixtisas  təhsili  müəssisələri təsisçilərinin, işəgötürənlərin istəyi nəzərə alınaraq, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr və Təhsil Nazirliyi ilə  razılaşdırma əsasında həmin müəssisələrdə “Təhsil haqqında” qanunda göstərilmiş Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi və Azərbaycan coğrafiyası fənləri tədris edilməklə, təhsil ilk peşə-ixtisas təhsili üzrə müvafiq dövlət standartlarına uyğun olaraq digər dillərdə  də aparıla bilər. Sağlamlıq imkanları məhdud şəxslərin ilk peşə-ixtisas təhsili xüsusi dövlət standartlarına uyğun həyata keçirilir.

 

İlk peşə-ixtisas təhsili müəssisələri və müxtəliftipli təhsil müəssisələri təhsil kompleksi və kampus formasında da fəaliyyət göstərə bilərlər. İlk peşə-ixtisas təhsili müəssisələrində bölmələr üzrə ayrılan saatlara uyğun olaraq, təhsil müddəti tam orta təhsil bazasından qəbul olunmuş qruplarda 1 il, ümumi orta təhsil bazasından qəbul olunmuş və peşə ilə yanaşı, tam orta təhsilalanlar üçün təşkil edilən qruplarda 3 il, ümumi orta təhsil bazasından qəbul olunmuş və yalnız peşə alanlar üçün təşkil edilən qruplarda peşənin mürəkkəbliyindən asılı olaraq 1-2 il müəyyənləşdirilir. Ümumi orta və tam orta təhsil səviyyəsini bitirib, istehsalatda və ya digər iş sahələrində müəyyən peşə üzrə bacarıqlar qazanmış şəxslər üçün işəgötürənlərin və fərdlərin sifarişləri əsasında həmin və ya digər peşənin öyrənilməsi, ixtisasının artırılması və yenidən hazırlanması üzrə kurslarda təhsil müddəti 6 aya qədərdir. İlk peşə-ixtisas təhsili müəssisələrində təhsil dövlət hesabına və ödənişli əsaslarla həyata keçirilir.

 

İlk peşə-ixtisas təhsili müəssisələrinin akkreditasiyasını Təhsil Nazirliyi həyata keçirir. Həmin prosedurdan keçmiş təhsil müəssisəsi akkreditasiya haqqında sertifikat alır. Hər bir ilk peşə-ixtisas təhsili müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada Təhsil Nazirliyindən xüsusi razılıq (lisenziya) almalıdır. Dövlət təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) müddətsiz verilir. Azərbaycanın hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilmiş bələdiyyə və özəl təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) 5 il müddətinə verilir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) 3 il müddətinə verilir.

 

İlk peşə-ixtisas təhsili müəssisəsini müvəffəqiyyətlə bitirənlərə ilk peşə-ixtisas təhsili pilləsində diplom (adi), diplom (xüsusi, nümunəli) və sertifikat verilir. Diplom və sertifikat ilk peşə-ixtisas təhsili pilləsini müvəffəqiyyətlə başa vurmuş şəxslərə verilir. İlk peşə-ixtisas təhsili müəssisələrində peşə-ixtisas təhsili ilə yanaşı, tam orta təhsil almış şəxslərə diplom və müəyyən olunmuş nümunəli tam orta təhsil haqqında attestat verilir.

 

Nümunəvi Nizamnamədə ilk peşə-ixtisas təhsilinin əsas məqsədi, ilk  peşə-ixtisas  təhsili  sahəsində dövlət  standartları, təhsil proqramı (kurikulum), ilk  peşə-ixtisas təhsilinin  məzmununa və təşkilinə  dair  tələblər, ilk peşə-ixtisas təhsili müəssisəsi və onun strukturu, ilk peşə-ixtisas təhsili müəssisələrinin hüquq və vəzifələri, təhsilalanların, təhsilverənlərin və digər işçilərin hüquq və vəzifələri, ilk peşə-ixtisas  təhsili müəssisəsinin maliyyə-təsərrüfat fəaliyyəti, təhsil müəssisəsinin sahibkarlıq fəaliyyəti, təhsil sahəsində beynəlxalq əlaqələr əksini tapıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR