2022-ci ildə 11-ci siniflər üzrə buraxılış imtahanında 3305 məktəbin məzunu iştirak edib.
APA xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında bildirilib.
Qeyd edilib ki, həmin məktəblərdən 7-sinin bir məzunu belə xarici dil fənnindən imtahan verməyib. 876 məktəb üzrə isə xarici dil fənnindən imtahan verən məzunların sayı 10-dan az olub.
Ötən il 9-cu siniflər üzrə buraxılış imtahanında 4070 məktəbin məzunu iştirak edib. Həmin məktəblərdən 13-nün bir məzunu belə xarici dil fənnindən imtahan verməyib. 1137 məktəb üzrə isə xarici dil fənnindən imtahan verən məzunların sayı 10-dan az olub.
9-cu və 11-ci siniflər üzrə ingilis dilindən imtahanda iştirak edən məktəblər arasındakı əlaqəni təhlil edərkən belə məlum olub ki, bu məktəblərin nəticələri arasında korrelyasiya əmsalı 0.8-ə bərabərdir. Təhlil zamanı yalnız ən azı 10 məzunu imtahanda iştirak edən məktəblərin göstəriciləri nəzərə alınıb.
Ümumiyyətlə, 11-ci siniflər üzrə buraxılış imtahanlarının nəticələri 9-cu siniflər üzrə buraxılış imtahanlarının nəticələrindən yüksək olub. Bildirilib ki, bunun əsas iki səbəbi var. Birincisi, zəif hazırlıqlı şagirdlərin bir hissəsinin 9-cu sinifdən sonar təhsillərini davam etdirməməsi, ikincisi isə təhsilalanların qəbul imtahanlarına hazırlıq məqsədilə repetitor xidmətindən yararlanmasıdır.