Yetkinlik yaşına çatmayanları pornoqrafiya tamaşalarında iştirak etməyə cəlb etməyə görə cəza müəyyənləşir.
APA xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, yetkinlik yaşına çatmayanları fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etməyə görə cəzalar sərtləşdirilir.
Dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayanları fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etməyə görə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qüvvədə olan Məcəlləyə əsasən, yetkinlik yaşına çatmayanı fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etməyə görə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Layihəyə əsasən, eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə və ya digər məcburetmə vasitələri ilə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Eyni əməllər on altı yaşına çatmayan şəxs barəsində törədildikdə də üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.