Bu müraciət yüzlərlə I və II Qarabağ müharibəsi qazi və veteranlarının xahişidir. Onlara dövlət tərəfindən verilən avtomobillər qabaqkı llərdə texniki baxışdan keçirilmirdi və bir çox veteran fürsət kimi dəyərləndirərək, onlara gələn cərimələri ödəməyiblər.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar İskəndərov bildirib.
O bildirib ki, hətta bir qazinin cəriməsi o illərdən bu vaxta kimi 67 min manata çatıb: "Burada təbii ki, onların şəxsi məsuliyyətsizliyi rol oynayıb. Onlar öz fikirlərində qeyd edirlər ki, mütləq əksəriyyəti gələn SMS-lərə ya fikir verməyib, ya da anlamayıblar. Təbii ki, bütün bu fikirlər heç kimi məsuliyyətdən yayındırmır. İnzibati Xətalar Məcəlləsində cərimələrin 5 il müddət keçdikdən sonra qüvvədən düşməsi ilə bağlı müddəa mövcuddur və işləyir. Sadəcə olaraq prosesin sürətlənməsi xahiş olunur. Çünki cərimələr çox olduğu üçün bəziləri avtomobillərinin nömrəsini çıxardaraq idarə edirlər. Bu isə qayda pozuntusudur. 44 günlük Vətən müharibəmizdə qazi və veteranlardan bir hissəsi də sürdüyü avtomobillərə gələn cərimələri ödəmədiyindən onlarda da belə problemlər artmaqdadır. Bu yaxınlarda ölkədə fəaliyyət göstərən veteran və qazi təşkilatlarının rəhbərlərinin və Daxili İşlər Nazirliyinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə bütün bu məsələlər müzakirə olundu. Təşkilatların rəhbərlərinin xahişləri budur ki, bu günə qədər olan cərimələrə dövlət tərəfindən amnistiya verilsin və bundan sonra hər hansı qayda pozuntuları baş verərsə, cərimələr yazılarsa, hər biri onu törədən veteran və qazilər tərəfindən mütləq qaydada ödəniləcək, bütün qanunlara ciddi riayət olunacaq. Bu prosesə təşkilat rəhbərləri ciddi nəzarət edəcəklər".