Bank Of Baku

Yuxarı Qarabağ kanalındakı su əvvəlki səviyyəsinə çatdırılacaq - FOTO - YENİLƏNİB

Yuxarı Qarabağ kanalındakı su əvvəlki səviyyəsinə çatdırılacaq - FOTO  - YENİLƏNİB
# 03 avqust 2023 14:02 (UTC +04:00)

Yuxarı Qarabağ kanalında suyun əvvəlki səviyyədə axması ilə bağlı göstəriş verilib.

Bunu APA-ya açıqlamasında Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin rəisi Şakir İmanov bildirib. İdarə rəisi qeyd edib ki, sızma baş verən kanalda bənd bərkitmə işləri tamamlanmaq üzrədir:

"Yuxarı Qarabağ kanalında sızma baş verib. Sızmanın qarşısı qısa müddətdə aradan qaldırılıb. Kanalın bəndində bərpa işləri başa çatıb. Biz kanalın suyunun əvvəlki səviyyəyə qaldırılması ilə bağlı göstəriş vermişik. Maksimum 1 sutka ərzində su əvvəlki səviyyəsində axacaq".

***

03:10

Yuxarı-Qarabağ kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində (50-ci kilometrliyi) 8 metr uzunluğunda dağılan torpaq bənd artıq bərpa edilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hazırda ərazidə texnikalar vasitəsi ilə sahil bərkitmə işləri davam etdirilir.

Bəndin yarılması nəticəsində rayonun Qaraqoyunlu kəndində 35 fərdi yaşayış evinin zirzəmisini və 10 hektar həyətyanı torpaq sahəsini, 60 hektar pambıq, 10 hektar lobya sahəsini, həmçinin kənd qəbiristanlığında yerləşən 50 qəbiri su basıb, 2 min ədəd ot bağlaması, 15 ton taxıl, “VAZ-2107” və “Mercedes” markalı iki minik avtomobili suyun altında qalıb.

Baş vermiş hadisə ilə əlaqədar əraziyə FHN-in Qarabağ və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, polis şöbəsinin, Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları və texnikalar cəlb olunaraq torpaq bənd tam bərpa edilmişdir. Torpaq bənd bərpa edildiyindən kənd sel sularından azad olub.

Hazırda kənd ərazisində sel sularının törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır. Rayon İcra Hakimiyyəti başçısı yanında fövqəladə hallar komissiyası tərəfindən dəymiş ziyan dəqiqləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR