Bakı Forumu çərçivəsində “Enerji və qlobal idarəçiliyin gələcək perspektivləri” mövzusunda panel təşkil edilib

Bakı Forumu çərçivəsində “Enerji və qlobal idarəçiliyin gələcək  perspektivləri” mövzusunda panel təşkil edilib
# 11 mart 2016 09:52 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. IV Qlobal Bakı Forumu çərçivəsində “Enerji və qlobal idarəçiliyin gələcək perspektivləri nədir?” mövzusunda panel təşkil edilib.

APA-nın məlumatına görə, Azərbaycanın energetika naziri Natiq Əliyev deyib ki, Cənub Qaz Dəhlizi işə düşdükdən sonra “Şahdəniz” yatağında qaz hasilatı artacaq: “Hesab edirəm ki, Avropaya qazın çatdırılmasında heç bir problem yoxdur”.

Latviyanın sabiq prezidenti Valdis Zatlers bildirib ki, enerji resurslarının dversifikasiyası mühüm əhəmiyyət kəsb edir: “Ona görə də müxtəlif istiqamətlərdən Avropaya neft-qaz kəmərlərinin çəkilməsi vacibdir. Neft və qazdan əlavə, günəş, külək və digər alternativ enerji mənbələrindən də istifadə edilməlidir. Bəzən bildirilir ki, günəş, külək enerjisi baha, neft və qaz isə ucuz başa gəlir. Alternativ enerji mənbələrindən enerji əldə edilməsi ilə bağlı yeni texnologiyalar tapılmalıdır ki, vəziyyəti dəyişmək mümkün olsun”.

V. Zatlers xatırladıb ki, hazırda dünyada neftin qiymətləri çox aşağıdır: “Bu, neft istehlak edən ölkələr üçün yaxşıdır. Lakin neft hasil edən ölkələr də nəzərə alınmalı, qiymətlərdə bir balans yaradılmalıdır”.

Serbiyanın sabiq baş naziri Mirko Çvetkoviç qeyd edib ki, neftin qiymətləri həm istehsalçı, həm də istehlakçı ölkələr üçün balanslı şəkildə olmalıdır: “Əvvəllər Serbiya büdcəsinin əhəmiyyətli qismini enerji daşıyıcılarının alınmasına ayırırdı, indi bu göstərici aşağı düşüb. Qiymətlər arasında bir balans olmalıdır. Biz qiymətlərdə neqativ disbalansın olmasını da istəmirik”.

Nigeriyanın təhsil üzrə sabiq federal naziri Obiaqeli Ezekvesili alternativ və bərpa olunan enerji mənbələrinin inkişafının vacib olduğunu söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR