Almaniya əsgərlərini və təyyarələrini Türkiyədən çıxarmağa hazırlaşır

Almaniya əsgərlərini və təyyarələrini Türkiyədən çıxarmağa hazırlaşır
# 25 avqust 2016 10:27 (UTC +04:00)

Bakı - APA. Almaniya Türkiyənin “İncirlik” hərbi bazasındakı hərbçilərini və “Tornado “kəşfiyyat təyyarələrini çıxarmağa hazırlaşır.

APA-nın “Der Spiegel” nəşrinə istinadən verdiyi məlumata görə, rəsmi Berlin alman əsgərləri və təyyarələrini İordaniya, yaxud Kiprdə yerləşdirməyi planlaşdırır. Buna səbəb isə Bundestaqın qondarma “erməni soyqırımı”nı tanımasından sonra Türkiyənin alman deputatların “İncirlik” bazasına səfər etməsinə icazə verməməsidir.

“Spiegel”ə açıqlama verən hökumətin koalisiya ortağı Sosial Demokrat Partiyasının deputatı Rainer Arnold deyib ki, Bundestaq üzvlərinin “İncirlik”dəki alman əsgərlərə baş çəkməyə icazə verilməzsə, əsgərlərin bu hərbi bazada yerləşdirilməsi barədə qərarın müddəti uzadılmayacaq. R. Arnold hökuməti dərhal əsgərlərin yerləşdiriləcəyi başqa bir yer tapmağa çağırıb.

Almaniya hərbçilərinin “İncirlik” hərbi hava bazasında yerləşdirilməsi barədə qərarın müddəti bu ilin dekabrında bitir. “Spiegel” Sosial Demokrat Partiyasının dəstəyi olmadan Almaniya hökumətinin dekabr ayında bu qərarın müddətini uzatmaq şansının olmadığını yazıb. “İncirlik” hərbi bazasından çıxacaq Almaniya hərbçilərinin yerləşdiriləcəyi alternativ məkanlar kimi İordaniya və Kiprin adı çəkilir. Bu yerdəyişmə halında "Tornado" kəşfiyyat təyyarələrinin İŞİD-lə mübarizə çərçivəsində Suriya və İraqda uçuşu ən azı 2 ay dayandırılacaq.

Qeyd edək ki, “İncirlik” hərbi bazasında "Tornado" kəşfiyyat təyyarələri ilə birlikdə 250 Almaniya əsgəri var. Türkiyə bir müddət əvvəl Almaniya Müdafiə Nazirliyinin müşaviri Ralf Brauksiepe və bir qrup deputatın “İncirlik” hərbi bazasını ziyarət etməsinə icazə verməyib. Bundan sonra Almaniya müdafiə naziri Ursula von der Leyen şəxsən özü “İncirlik” hərbi bazasına səfər edib, Ankarada görüşləri zamanı alman deputatların “İncirlik” hərbi bazasına səfər etməsinə icazə verilməsini istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR