İlin əvvəlindən Azərbaycanda 15 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib

İlin əvvəlindən Azərbaycanda 15 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib
# 13 iyul 2016 10:56 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-iyun aylarında 14,75 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6% çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən xəbərə görə, sənaye məhsulunun 64,6%-i mədənçıxarma sektorunda, 28,9%-i emal sektorunda, 5,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda məhsul istehsalı 0,6%, o cümlədən neft hasilatı 0,4% artıb, əmtəəlik qaz hasilatı isə 8,8% azalıb. Emal sektorunda qida məhsullarının istehsalı 4,5%, tütün məmulatlarının istehsalı 17,2%, toxuculuq sənayesi məhsullarının istehsalı 3,0 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 14,6%, kağız və karton istehsalı 0,2%, metallurgiya sənayesi məhsullarının istehsalı 5,5%, hazır metal məmulatlarının istehsalı 9,4%, kompüter və elektron məhsullarının istehsalı 23,6%, elektrik avadanlıqlarının istehsalı 2,1 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 43,8%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2 dəfə artıb, içkilərin istehsalı 8,2%, geyim istehsalı 4,2%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 76,4%, poliqrafiya məhsullarının istehsalı 3,7%, kimya sənayesi məhsullarının istehsalı 16,1%, rezin və plastik kütlə məmulatlarının istehsalı 22,9%, tikinti materiallarının istehsalı 23,5%, maşın və avadanlıqların istehsalı 23%, mebel istehsalı isə 1,7% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,9%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,3% azalıb. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2,4%, neft sektorunda isə 0,4% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR