IV Qlobal Bakı Forumu çərçivəsində “Miqrasiya, multikulturalizm və inteqrasiya” mövzusunda panel keçirilib

IV Qlobal Bakı Forumu çərçivəsində “Miqrasiya, multikulturalizm  və inteqrasiya” mövzusunda panel keçirilib
# 11 mart 2016 15:31 (UTC +04:00)

APA-nın məlumatına görə, İtaliya prezidentinin diplomatik məsələlər üzrə sabiq müşaviri Antonio Zanardi Landi deyib ki, Avropada ictimaiyyət qeyri-qanuni miqrant məsələsindən çox qorxur.

O qeyd edib ki, miqrant məsələsi ilə bağlı humanist məqamlar geniş müzakirə olunmalıdır.

Müxtəlif dövrlərdə Avropaya miqrant axınından danışan A. Landi Avropa qurumları qarşısına “gec işə düşən bomba” qoyulduğunu söyləyib: “Avropa qurumları hazırda miqrasiya məsələsini lazımınca idarə həll edə bilmir. Miqrantların sayı artır, Avropa ölkələrində dövlət başçıları ciddi sınaqla üzləşirlər, cəmiyyətlərdə müxtəlif meyllər müşahidə edirik. Vəziyyət çox ciddidir. Elə ölkələr var ki, vəziyyətləri yaxşıdır, miqrantlara sığınacaqlar təklif edirlər, bəzi dövlətlər isə bu sahədə problemlərlə üzləşir. Yeri gəlmişkən, ABŞ-da prezidentliyə namizəd Donald Tramp 11 milyon insanın ABŞ-dan çıxarılacağını, Meksika və ABŞ arasında divar hörüləcəyini vəd edib. Bu gün dünyada 240 milyon miqrant var. XX əsrin əvvəlində də dünya əhalisinin 3 faizi miqrant olub, indi də göstərici təxminən o səviyyədədir. Sadəcə, dinlər, mədəniyyətlər arasında uyum məsələsinə diqqət yetirmək lazımdır”.

Albaniyanın sabiq prezidenti Rəcəb Meydani isə mədəniyyət plüralizminə keçməyin, habelə multikulturalizmin zəruri olduğunu vurğulayıb: “Miloşeviç Kosovoda soyqırımı siyasəti tətbiq edəndə, 600 min insan Albaniyaya pənah gətirmişdi. Bu, Albaniya əhalisinin 20 faiz artması demək idi. Bir müddət sonra bu qaçqınlarla bağlı beynəlxalq qurumlar daha fəal oldular və onların müxtəlif ölkələrdə yerləşdirilməsi təklif olundu. Amma mən o vaxt Albaniya prezidenti kimi bu insanların Albaniyada, sərhədə yaxın ərazilərdə yerləşdirilməsini təklif etdim və belə də oldu. Kosovolular da sonra torpaqlarına qayıtdılar. Bu gün Avropa İttifaqının suriyalı qaçqınları bütün ölkələrə paylamaq siyasəti düzgün deyil. Ona görə də suriyalıların Türkiyədə yerləşdirilməsi düzgün təklifdir. Suriyada böhran başa çatandan sonra bu insanları qısa müddətdə geri qayıtmaq imkanları olacaq”.

Ekvadorun sabiq prezidenti Rosalia Arteaqa Serranno isə qeyd edib ki, insanların miqrant olarkən və miqrantları qəbul edərkən hansı hissləri keçirdiklərini bilmək vacibdir: “Ekvador kiçik ölkə olsa da, Kolumbiyadan böyük sayda qaçqın qəbul edirik. Hazırda Kolumbiyada sülh prosesi başlayıb, nəticəsini gözləyirik. ABŞ-da, Avropada, o cümlədən bizim ölkədə bəzən ksenofobiya hallarını görürük. Biz yerli və qlobal vətəndaş konsepsiyalarını birləşdirməli, digər insanlara hörmətlə yanaşmalı, zənginlikləri paylaşmalıyıq. İlk növbədə təhsil sahəsində islahatlar həyata keçirərək problemlərin həllinə çalışmalıyıq”.

Almaniyanın sabiq baş naziri Lotar de Maiziere isə miqrant böhranının Almaniya üçün hazırda ən böyük çağırışlardan biri olduğunu deyib: “Almaniya birmənalı şəkildə bu problemi həll etmək istəyir. Angela Merkel yaxşı elm adamı ola bilərdi, onu mən siyasətə gətirdim. O məndən və Helmut Koldan yaxşı cəhətləri öyrənib. Angela Merkel humanizm baxımından insanların dənizdə boğulmasını qəbul edə bilmir və bir avropalı kimi Avropa ideyalarına inanır. Bu yüzilliyin sonunda dünya əhalisinin 10 faizi Avropada yaşayacaq. ABŞ və Çinin qarşısında o halda dayana bilərik ki, Avropa İttifaqının dövlətlərə bölünməsinin qarşısına ala bilək. Angela Merkel bunu nəzərə alır. Yeri gəlmişkən, Macarıstan prezidenti deyir ki, qaçqınlar problemi Angela Merkelin problemidir. Ancaq nəzərə alınmalıdır ki, miqrant problemi ABŞ tərəfindən İraqın işğal olunmasından sonra başlayıb. Angela Merkel uzun müddətdir ki, Türkiyədə miqrantların yerləşdirilməsi ilə bağlı danışıqlar aparılır. Miqrantlar üçün Türkiyədə düşərgələr salınmalı, uşaqlar məktəbə getməlidir. Bunun üçün isə Avropa pul ödəməlidir, bu yükü tək Türkiyənin üzərinə qoymaq düzgün deyil. Balkanlardakı müharibələrlə bağlı 500 min insan Almaniyaya gəlib. Son illər isə münaqişələrlə əlaqədar 1 milyon insan miqrant qismində Almaniyaya üz tutub. Bu insanlar Almaniya mədəniyyətinin bir hissəsi olmalıdır, bu istiqamətdə iş aparırıq. Biz Almaniyada iki paralel cəmiyyətin olmasını istəmirik”.

İtaliya Senatının vitse-prezidenti Linda Lanzilotta isə bildirib ki, miqrant böhranının idarə olunması üçün İtaliya, Yunanıstan və Türkiyə bir araya gələ bilər: “Miqrantların qarşısını almaq üçün divarlar tikilməməlidir. 2015-ci ildə İtaliyaya 1 milyonadək qaçqın gəlib. Bu il də yəqin belə olacaq. Dövlət qurumları tərəfindən səhiyyə və digər xidmətlərin göstərilməsinin təmin edilməsi mümkün olmayacaq, imkanlar çatmayacaq. Bu halda da həmin insanların terrorçuların cənginə düşməsinə zəmin yaranır. Miqrantlar həmin ölkələrin cəmiyyətlərinə inteqrasiya olunmalıdır. Yeni bir dövlətə gələrkən, ölkənin Konstitusiyaya hörmətlə yanaşmaq lazımdır. ABŞ kimi dövlət məhz belə yaranıb”.

Öz növbəsində “Exxon Mobile” şirkətinin sabiq baş vitse-prezidenti Jan Baderşnayder deyib ki, Forumun Avropa və Asiya arasında yerləşən Azərbaycanda keçirilməsi çox əhəmiyyətlidir: “Yalnız XIX əsrdə 50 milyon insan Amerikaya miqrasiya edib. Afrikadan 12 milyon insan kölə kimi Amerikaya miqrasiya edib. Bu gün suriyalılara baxsaq, böyük miqrasiya axınlarını belə normal idarə etmək olar. ABŞ-ın qapısı açıq olmasaydı, mən amerikalı olmazdım, mən əslən isveçrəliyəm. ABŞ-ın ən məşhur, böyük şirkətləri ikinci, üçüncü nəsil miqrantlar tərəfindən idarə olunur. Təhsili, ixtisası olmayan insanlar miqrant kimi çox zəif, həssas durumdadır. Təhlükəsiz miqrasiyanın təmin edilməsi bir ölkənin əlində deyil”.

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov isə Forumda vacib məsələlərin müzakirə olunduğunu, Forumun mühüm əhəmiyyət daşıdığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR