Heydər Əliyev adına NEZ-də bitum qurğusunun tikintisi üçün hazırlıq işlərinə başlanıb

Heydər Əliyev adına NEZ-də bitum qurğusunun tikintisi üçün hazırlıq işlərinə başlanıb
# 08 dekabr 2015 11:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) rekonstruksiya və modernizasiyası ilə bağlı işlər çərçivəsində qısa müddət ərzində zavodun illik emal gücünün artırılması və zavodda “Avro 5” standartlarına cavab verən daha yüksək keyfiyyətli neft emalı məhsullarının istehsalı nəzərdə tutulur.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə zavodun ilkin emal, katalitik krekinq və katalitik riforminq qurğularının, ümumiyyətlə zavod təsərrüfatının rekonstruksiya edilməsi, eləcə də bir neçə yeni qurğunun inşası planlaşdırılır.

Rekonstruksiya tədbirləri çərçivəsində zavodda ilkin olaraq 2018-ci ilin ortalarında yeni bitum istehsalı qurğusunun istismara veriləcəyi proqnozlaşdırılır. Bu tədbir keçmiş “Azərneftyağ” NEZ-in mövcud infrastrukturunun tamamilə istismardan çıxarılmasına, H. Əliyev adına NEZ-in istismar xərclərinin optimallaşdırılmasına imkan verəcək, eyni zamanda yüksək keyfiyyətli bitum istehsalına və Bakı şəhərində ekoloji durumun yaxşılaşdırılmasına kömək edəcəkdir. Artıq yeni bitum istehsalı qurğusunun inşası üçün H. Əliyev adına NEZ-in ərazisində - tikintisi yarımçıq saxlanılmış “kükürd qurğusu”nun ərazisində müvafiq yer ayrılıb. Ərazidə olan tikililər sökülüb, metal qırıntıları daşınıb çıxarılıb. Çoxsaylı kran, buldozer və digər maşın-mexanizmlər vasitəsi ilə ərazi tullantılardan təmizlənmiş, torpaq-qazma işləri aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR