Ucarda iki kəndin əkin sahələrində problem yaranıb

Ucarda iki kəndin əkin sahələrində problem yaranıb
# 29 noyabr 2016 11:21 (UTC +04:00)

Ucar rayonunda iki kənddə kənd təsərrüfatı məhsullarının əkilib-becərilməsində problem yaranıb. Rayonun Qazyan və Lək kənd sakinlərinin APA-nın yerli bürosuna verdikləri məlumata görə, kəndlərdə kollektorlar üzərində qurulmuş körpülərdən əkin sahələrinə gedib-gəlmək mümkün deyil.

Yolların bağlanması səbəbindən Qazyan kəndinin 100-150, Lək kəndinin isə 60-70 hektar əkin sahələrinə gediş-gəliş çətinləşib. Sakinlər bildiriblər ki, dəfələrlə bu barədə Ucar Rayon İcra Hakimiyyətinə, Qazyan kənd bələdiyyəsinin sədri Mirhakim Abbasova və yerli icra nümayəndəsi Hidayət Əliyevə müraciət etsələr də, heç bir tədbir görülməyib.

Sakinlər yolun Qazyan kənd sakini, rayon İH başçısının 1-ci müavini Əliş Cəbrayılovun tapşırığı ilə bağlandığını deyiblər. Məlumata görə, adı çəkilən yerdə Ə. Cəbrayılovun torpaq sahəsi olduğundan əraziyə giriş-çıxış bağlanıb.

Ucar Rayon İH başçısının müavini Vaqif Mehdiyev yolun ərazidə pay torpağı olan bir qrup Qazyan sakininin əkin sahələrini mal-qaradan qorumaq üçün bağlandığını deyib.

Ucar rayon İH başçısının birinci müavini Ə. Cəbrayılovun məsələyə münasibətini öyrənmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR