Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilib

Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilib
# 28 dekabr 2016 20:28 (UTC +04:00)

Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbir keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tədbirdə Rusiya və Azərbaycanın gənclər birliklərinin nümayəndələri və rəsmi qonaqlar iştirak edib.

Tədbirdə çıxış edən Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) idarə heyətinin üzvü Emin Hacıyev birliyin sədri Leyla Əliyeva adından qonaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək, təşkilatın 2016-çı ildəki fəaliyyəti barədə məlumat verib.

Emin Hacıyev qeyd edib ki, başa çatmaqda olan il AMOR üçün uğurlu olub: "Leyla Əliyevanın rəhbərliyi ilə təşkilat bir sıra yeni layihələr həyata keçirib. Birliyin üzvlərinin sayı ilbəil artır. Hazırda Rusiya Federasiyasının 60-dən çox regionunda bu təşkilatın bölmələri fəaliyyət göstərir. AMOR Rusiyada fəaliyyət göstərən digər ictimai birliklər və ali təhsil müəssisələri ilə uğurla əməkdaşlıq edir".


Çıxış edən Lomonosov adına Moskva Dövlət Universitetinin Botanika bağının direktoru Aleksey Reteyum ölkəmizin son illərdə qazandığı uğurlardan söz açıb. O, Rusiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlığa böyük töhfələr verən AMOR-un fəaliyyətini yüksək qiymətləndirib.

Rusiyadakı Türkiyə diasporasının rəhbəri Yusif Şən Türkiyə, Azərbaycan və Rusiya prezidentlərinin səyi nəticəsində üç ölkə arasında yaranan strateji əməkdaşlıq münasibətlərindən danışıb. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi təşkilatın Rusiyada yaşayan və təhsil alan gənclərin birləşməsində, elm, təhsil, yaradıcılıq sahələrində, habelə ictimai təşəbbüslərin reallaşdırılmasında xidmətləri əvəzsizdir.


Sonra AMOR-un regional bölmələrinin nümayəndələrinin təbrik videoları nümayiş olunub. Rəsmi hissədən sonra milli musiqi və rəqslərdən ibarət konsert proqramı nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR